Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mançester Siti”ni Çempionlar Liqasının İstanbuldakı finalında qələbə münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, müvafiq məlumat Türkiyə prezidentinin sosial şəbəkə hesablarında yer alıb:
“Mançester Siti” klubunu Türkiyənin göz bəbəyi və sivilizasiyaların beşiyi olan İstanbulda, “Atatürk Olimpiya Stadionu”nda keçirilən, dünyanın ən böyük idman hadisələrindən biri olan Çempionlar Liqasının finalında qalib gəlməsi münasibətilə təbrik etmək istərdim.
Türkiyənin qonaqpərvərliyini bir daha təsdiqləyən və bu möhtəşəm tədbirin rahat və uğurlu təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. “Siti” bu qələbəsi ilə həm də “trebl”ini rəsmiləşdirib. Sözügedən klub bu mövsüm Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb.


