Madrid “Real”ının yeni transferi Cud Bellingemin qardaşı Cob Bellingem “Birmingem”dən “Sanderlend”ə keçib.
Arena.az bu barədə “Sanderlend”in mətbuat xidmətinə istinadən xəbər verir.
“Sanderlend” Cob Bellingemin transferi üçün “Birmingem Siti” ilə razılığın əldə olunduğunu elan edib.
17 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 3,75 milyon avro olacaq. O, İngiltərənin 18 yaşadək futbolçulardan ibarət yığmasından qayıtdıqdan sonra keçidini rəsmiləşdirəcək.
Cob Bellingem bu barədə yeni klubunun mətbuat xidmətinə bunları deyib:
“Mən “Sanderlend”ə imza atdığım üçün çox şadam və işə başlamaq üçün səbirsizəm. Gənc oyunçuların bura gəlməsi və tərəqqisi üçün fürsət aydındır, ona görə də düşünürəm ki, bu, mənim inkişafımı davam etdirmək üçün mükəmməl klubdur”.
“Sanderlend” yeni futbolçusunu qarşılıqla cavablayıb: “Hamımız yeni mövsümdən əvvəl Cobu “Sanderlend”də qarşılamağı səbirsizliklə gözləyirik”.
2022/2023 mövsümündə Cob Bellingem “Birmingem”in heyətində 23 oyun keçirib.
“Transfermarkt” internet-portalı Cob Bellingemi 5 milyon avro məbləğində qimətləndirir.
Xatırladaq ki, bu gün Madrid “Real”ı da Dortmund “Borussiya”sından transfer etdiyi Cud Bellingemin rəsmi təqdimat mərasimini keçirib. Qardaşının dünya nəhəngindəki təqdimat mərasimində də Cob və valideynləri də iştitak ediblər.


