“Neftçi” baş məşqçisini dəyişir: Regekampf gedir, Yalçın gəlir

Premyer Liqada geridə qalan mövsümü bürünc medalla başa vurmuş “Neftçi” baş məşqçisi Laurentsiu Regekampf ilə vidalaşır.

Arena.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi gözlənilir.

Xatırladaq ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Bu üzdən paytaxt klubu onu istefaya göndərmək üçün təzminat ödəməlidir.

Hazırda müqavilənin qarşılıqlı ləğvi istiqamətində bir çox məsələlərdə razılıq əldə olunub. Tərəflər arasında təzminat barədə danışıqlar davam edir. Regekampfın “ağ-qaralar”dan 100 min avro tələb etdiyi, paytaxt klubunun isə bu məbləği bir qədər aşağı salmağa çalışdığı bildirilir.

Regekampf tezliklə Bakıda qaldığı mənzili boşaldacaq. Bir müddət əvvəl Səudiyyə Ərəbistanı klubları ilə adı hallanan təcrübəli mütəxəssisin ölkəsinə qayıdacağı gözlənilir. Rumıniyalı çalışdırıcının “Styau”nın prezidenti Cici Bekali və “Universitatya”nın (Krayova) rəhbəri Mixay Rotaru ilə əlaqə saxlayaraq, öz xidmətlərini təklif etdiyi iddia olunur.

Yeri gəlmişkən, “Neftçi”nin yeni baş məşqçisinin kim olacağı da müəyyənləşib. Paytaxt klubu bu postu türkiyəli Sərgən Yalçına həvalə edəcək. Artıq tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub. Qeyri-adi nəsə baş verməsə, 50 yaşlı mütəxəssis tezliklə Bakıya gəlib rəsmi müqaviləyə imza atacaq.

Xatırladaq ki, Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalra rəhbərlik edib. 2020/2021 mövsümündə isə o, “Beşiktaş”ın əsas komandası ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. Türkiyəli mütəxəssis həmin dövrdən bəri işsizdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: