“Sumqayıt” təcrübəli müdafiəçi, uzun illərdir kapitanı olan Vurğun Hüseynov ilə yollarını ayırmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Vurğun Hüseynovla “Sumqayıt” Futbol Klubu arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Tərəflər yeni müqavilə bağlamaq istəmədikləri üçün yollarını ayırıblar.
“Sumqayıt” Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Vurğun Hüsüynov 2013-cü ilin yayından “Sumqayıt”ın şərəfini qoruyurdu. Təcrübəli futbolçu bu komandanın heyətində meydana çıxdığı 229 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Turan Tovuz” və “Qəbələ”də də forma geyinib.
Vurğun Azərbaycan milli komandasında da 15 oyun keçirib, 1 qola imza atıb.
Hazırda 35 yaşı olan futbolçunun karyerasını “Kəpəz”də davam etdirməsi gözlənilir. Baxmayaraq ki, daha öncə onun bu yay karyerasını başa vuracağı haqda da xəbərlər yayılmışdı.
“Sumqayıt” daha öncə Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar və Dieqo Karioka ilə də yollarını ayırmışdı. Əvəzində yalnız Elvin Bədəlovla yeni müqavilə imzalanıb, Mehdi Cənnətov və Orxan Sadıqlı transfer olunub.


