Dieqo Kokka Meksika yığmasından cəmi 7 oyun sonra ayrıldı

Argentinalı futbol mütəxəssisi Dieqo Kokka Meksika milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqavilənin ləğvinin səbəbləri açıqlanmayıb. Komanda müvəqqəti olaraq Xayme Losanoya tapşırılıb.

Xatırladaq ki, Dieqo Kokka fevralın 10-da Meksika yığmasının baş məşqçisi təyin olunmuşdu. O, bu komandanı cəmi 7 matça çıxarıb. Meksikalılar bu görüşlərdə 3 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüblər.

Maraqlıdır ki, Kokka 2023-cü ilin 1 yanvarından etibarən Meksikanın “Tiqres UANL” klubunda baş məşqçi kimi fəaliyyətə başlamışdı. Lakin Meksika Futbol Federasiyasından aldığı təkliflə əlaqədar o, fevralın 9-da sözügedən klubdan ayrılmağa qərar vermişdi. “Tiqres UANL” onun rəhbərliyi altında cəmi 5 matça çıxıb, 3 qələbə qazanıb və 2 heç-heçə etmişdi.

Kokka daha öncə Meksikada “Atlas”, “Tixuana” və “Santos Laquna” kimi klublarda da çalışıb. Argentinada KAİ, “Qodoy Krus”, “Ximnasiya LP”, “Urakan”, “Defensa Xustisiya”, “Rasinq Klub” və “Rosario Sentral”a rəhbərlik etmiş məşqçi, Kolumbiyada “Millionarios”u da çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: