“Qarabağ” iki yeni legionerlə güclənir

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” heyətinə yeni legionerlər qatmağa hazırlaşır.

Arena.az xəbər verir ki, artıq Ağdam klubunun maraqlandığı oyunçulardan bəzilərinin kimliyi müəyyənləşib.

Azərbaycan çempionu Portuqaliyanın “Şaveş” klubunda çıxış edən braziliyalı futbolçu Juninyonu heyətinə qatmaq istəyir. “O Jogo” nəşrinin iddiasına görə, Ağdam klubu 26 yaşlı hücumameylli yarımmüdafiəçi ilə anlaşıb. “Köhlən atlar”ın təcrübəli vinger üçün qarşı tərəfə 500 min avro təzminat ödəyəcəyi bildirilib.

İddiaya görə, ağdamlılar “sambaçı”nı hələ ötən yay heyətə qatmaq istəyiblər. Lakin müəyyən səbəblərdən transfer baş tutmayıb. Bu yay isə sözügedən keçidin rəsmiləşməsi gözlənilir.

Xatırladaq ki, tam adı Olavio Vieyra dos Santos Junior olan futbolçu 2020-ci ildən “Şaveş”də çıxış edir. 26 yaşlı sağ cinah vingeri bu komandanın heyətində 83 oyuna çıxıb. O, bu oyunlarda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha əvvəl ölkəsinin “Fiqeyrense” (25 oyun, 2 qol), “Qremio” (18 oyun, 1 qol), “Atletiko Paranaense” (6 oyun), “Vila Nova” (5 oyun, 1 qol) kimi komandalarında da oynayıb. O, həmçinin Portuqaliya “Eştoril”ində də legioner həyatı yaşayıb – 23 oyun, 5 qol, 2 məhsuldar ötürmə.

“Qarabağ” Portuqaliyanın digər klubu “Maritimo”da forma geyinən hücumçu Diderik Joel Taqeu ilə də maraqlanır. Bu barədə “A Bola” nəşri məlumat yayıb. İddiaya görə, “Maritimo” aşağı liqaya düşdüyü üçün kamerunlu forvard özünə yeni komanda axtarmağa başlayıb. Ağdam təmsilçisinin həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb.

Diderik Joel Taqeu son olaraq icarə əsasında Səudiyyə Ərəbistanının “Əl-Hazem” klubunun formasını geyinib. Afrikalı hücumçu 2018-ci ildən formasını geyindiyi “Maritimo”da 144 oyun keçirib, 41 qol və 8 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Avai” (21 oyun, 3 qol), “Kruzeyro” (20 oyun, 1 qol), “Koritiba” (20 oyun, 8 qol, 1 assist), “Santos” (16 oyun, 2 qol) və “Botafoqo” (5 oyun) kimi Braziliya klublarında da forma geyinib. 29 yaşlı forvard Kamerun yığmasında da 5 oyun keçirib, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: