Geridə qalan mövsümü Premyer Liqanı tərk etmək məcburiyyətində qalan “Şamaxı”da keçirmiş Fuad Bayramov “Zirə”yə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu mətbuat xidməti vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi sonradan transfer edilmək hüququ ilə növbəti mövsümün sonunadək “Şamaxı”dan icarəyə götürülüb.
“Şamaxı” da Fuad Bayramovun “Zirə”yə keçidi ilə bağlı açıqlama yayıb. Əyalət klubu futbolçu ilə yeni müqavilə imzalandığını bəyan edib. Yeni müqavilənin müddəti 3 ildir. O, məhz yeni müqavilə imzaladıqdan sonra icarəyə göndərilib.
Fuad Bayramov daha öncə “Sumqayıt”ın U-19 və əvəzedici komandalarında, “Turan Tovuz”da da forma geyinib. O, 2021-ci ilin iyul ayından “Şamaxı”da çıxış edirdi. 25 yaşlı sol cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 37 oyunda 4 qol və 8 assistlə yadda qalıb.
Xatırladaq ki, “Zirə” daha öncə “Qarabağ”dan İsmayıl İbrahimlini də icarəyə götürmüş, həmçinin “Qəbələ”dən ayrılan Məqsəd İsayevlə Ruan Renatonu heyətinə qatmışdı. Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə ilə yeni müqavilə imzalanıb.
Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui və Donald Gerye isə komandanı tərk ediblər.


