UEFA Avropa Konfrans Liqasının adını dəyişdi

Bu gün İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Arena.az rəsmi məlumatı diqqətinizə çatdırır.

Lissabonun “Joze Alvalade Stadionu” 2025-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalının keçirilmə yeri olaraq təyin edilib.

Müvafiq olaraq 2024-cü və 2025-ci illərdə Avropa Konfrans Liqasının finallarına ev sahibliyi etmək üçün Afinanın “Aya Sofiya” (AEK Stadionu) və Vrotslavın “VKS Şlyonsk Vrotslav” stadionları namizədliyini irəli sürüblər.

Afina stadionu ilə bağlı olaraq xüsusi tədbir müəyyən edilib. Stadion tamamilə yeni olduğundan və beynəlxalq səviyyədə hələ heç vaxt klub tərəfindən istifadə edilmədiyindən, UEFA Afinanın AEK komandasının vəsiqə qazanacağı UEFA klub turnirlərində keçirəcəyi oyunlar üçün 2023-cü ilin noyabrına qədər ekspertiza və müşahidə müddəti təqdim edəcək. 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Yunanıstan yığmasının oyunu isə UEFA-nın dekabrda təsdiqlənəcək təyinatının əsas şərti olaraq əlavə edilib.

İcraiyyə Komitəsi Polşanı 2025-ci ildə 19 yaşadək futbolçular arasında Avropa çempionatının ev sahibi ölkəsi kimi təyin edib.

Bununla yanaşı, UEFA 2026-cı il dünya çempionatı üçün Avropa seçmə mərhələsinin formatını təsdiqləyib. Həmçinin iclasda AÇ-2024-ün pley-off mərhələsinin və finalının püşkatma mərasiminin prosedurları təsdiqlənib.

UEFA İcraiyyə Komitəsi 2023-cü il iyulun 1-dən qüvvəyə minəcək Klubların Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı Qaydalarına bir sıra mühüm düzəlişləri də təsdiqləyib.

Daha bir yenilik UEFA Avropa Konfrans Liqası adının UEFA Konfrans Liqası adı ilə əvəz edilməsidir.

Azarkeşlər, eləcə də kommersiya tərəfdaşları arasında aparılan araşdırmalar göstərib ki, yarışın adından “Avropa” sözünün çıxarılması, yarışın ayrıca turnir kimi daha da inkişaf etməsinə imkan verəcək və bu təklif olunan dəyişiklik UEFA İcraiyyə Komitəsi tərəfindən bəyənilib. Turnir, 2024/2025 mövsümündən başlayaraq yeni dövrədə fəaliyyət göstərəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: