Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan ciddi təklif alan “Barselona”nın futbolçusu Frank Kessye kataloniyalılardan ayrılmaq istəyir.
Arena.az bu barədə “Sport.es”ə istinadən xəbər verir.
Məlumatda 26 yaşlı yarımmüdafiəçisi “Barselona” rəhbərliyindən yeni kluba azad agent qismində havayı buraxılmasını xahiş edəcəyi bildirilib. Məsələ bundadır ki, ərəblər Frank Kessyeyə komandaya azad agent kimi keçəcəyi təqdirdə böyük məbləğdə imzalı bonus verməyə hazırdırlar.
Maddi imkanlarının məhdudluğunda boğulan “Barselona” isə öz növbəsində, “İnter”dən Marselo Brozoviçi transfer etmək üçün Frank Kessyenin transferindən pul toplamaq istəyindədir.
Kessye 2022-ci ilin yayında “Barselona”ya azad agent kimi qoşulub. Tərəflər arasında cari müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Geridə qalmış mövsümdə Frank Kessye “Barselona”nın heyətində 43 oyuna çıxıb, 3 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. O, kataloniyalılarla İspaniya çempionatını və superkubokunu qazanıb.
“Transfermarkt” internet-portalı Frank Kessyeni 25 milyon avro məbləğində qiymətləndirir.


