“Turan Tovuz” dörd futbolçusu – Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu dörd futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmədikləri üçün vidalaşıblar. “Turan Tovuz” onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, bu futbolçuların hamısı Tovuz klubuna ötən yay gəlmiş və hər biri 1 illik müqaviləyə imza atmışdı.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Turan Vəlizadə “Turan Tovuz”da icarə əsasında çıxış edirdi. 22 yaşlı yarımmüdafiəçi əyalət təmsilçisində 30 oyuna çıxıb, 1 qol vurub. O, daha öncə “Keşlə”də (indiki “Şamaxı”) də icarədə olub.
Şakir Seyidov da “Sabah”dan icarəyə götürülmüşdü. 22 yaşlı sağ cinah müdafiəçisi Tovuz klubunda 32 oyuna çıxıb. O, bu görüşlərdə 2 məhsuldar ötürmə ilə yadda qalıb. Şakir vaxtilə Latviyanın “Dauqavpils” klubunda da icarədə olub.
Natan Oduva geridə qalan mövsümdə meydana çıxdığı 32 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərədən olan 27 yaşlı forvard daha öncə Azərbaycanda “Şamaxı”nın da uğurları üçün çalışıb. O, “Olimpiya” (Lyublyana), “Reyncers”, “Hapoel” (Hadera), “Dandolk”, “Luton Taun”, “Piterboro Yunayted”, “Vayle” və “Kolçester Yunayted” kimi klublarda da forma geyinib.
Siyanda Xulu isə ötən mövsüm meydana çıxdığı 27 oyunda 1 qol vurub. Peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlamış afrikalı futbolçu daha sonra Rusiyada “Rostov”un formasını geyinib. “Kayzer Çifs” və “Maritzburq Yunayted”də də oynamış mərkəz müdafiəçisi “Turan Tovuz”dan öncə İsrailin “Hapoel” (Təl-Əviv) komandasının şərəfini qoruyub.
Xatırladaq ki, “Turan Tovuz”da daha öncə Henri Okebuqvunun da komandanı tərk etdiyi açıqlanmışdı. Hələlik Fərid Nəbiyev, Aydın Bayramov və Sərtan Taşkını transfer etmiş bölgə klubunda Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla da yeni müqavilə imzalanıb.


