Sesk Fabreqas futbolçu karyerasını bitirdi

İspaniya millisinin sabiq yarımmüdafiəçisi, son olaraq İtaliyanın “Komo” klubunun uğurları üçün çalışan Sesk Fabreqas karyerasını başa vurub.

Arena.az xəbər verir ki, onun bu barədə qərarını “Komo” rəsmi saytı vasitəsilə açıqlayıb.

36 yaşında futboldan getməyə qərar verən futbolçu vida açıqlamasında bunları qeyd edib:

“Böyük bir üzüntü ilə futbolçu karyeramı bitirmək zamanımın gəldiyini söyləmək istəyirəm. Heç vaxt unutmayacağım bir yolçuluq oldu. Karyeram ərzində böyük təcrübələr qazandım. Möhtəşəm anlarım, gözəl dostlarım oldu. Üç dil öyrəndim. Səyahətlər zamanı yeni kəşflər etdim, daha mərhəmətli oldum. Fədakarlıq, özgüvən və keyf dolu 20 inanılmaz ilin ardından hər kəsə təşəkkür etmə və bu gözəl oyuna vida etmək zamanı gəldi. Hər dəqiqəsini sevdim”.

Seks Fabreqasın futbolçu karyerasını bitirməsinə rəğmən, bundan sonra məşqçilik edəcəyi açıqlanıb. Belə ki, “Komo” klubunun U-19 və əvəzedici komandalarının baş məşqçisi təyin olunub.

Sesk Fabreqas 2022-ci ilin avqust ayından İtaliya B Seriyasında mübarizə aparan “Komo”da forma geyinirdi. O, bu komandada cəmi 17 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə kifayətlənib. Halbuki, ispan oyunçu bu klubla 2 illik müqavilə imzalamışdı və qarşıdakı mövsümdə də oynamalı idi. Lakin görünür futbolçunun öz istəyi ilə həmin müqaviləyə xitam verilib.

Sesk Fabreqas İspaniyanın “Barselona” klubunun yetirməsidir. O, Kataloniya təmsilçisində 151 oyuna 42 qol vurub, 50 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi daha çox “Arsenal”dakı çıxışı ilə məşhurlaşıb. O, London klubunda meydana çıxdığı 303 oyunda 57 qol vurub, 95 məhsuldar ötürmə edib. Futbolçu “Çelsi” (198 oyun, 22 qol, 58 assist) və “Monako” (68 oyun, 4 qol, 9 assist) kimi klublarda da çıxış edib. O, İspaniya yığmasında 110 oyun keçirib, 15 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: