Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv üçüncü sınaq matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə üz-üzə gələcək.
“Vörgl Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Sofiya ÇSKA-sı geridə qalan 2022/2023 mövsümündə 35 oyuna 84 xal toplayaraq Bolqarıstan çempionatının gümüş medallarını qazanıb. Bu komanda çempion “Ludoqorets”dən cəmi 1 xal geri qalıb.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk sınağında Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşmışdı. Həmin oyunda qalib müəyyənləşməmişdi – 3:3. Ağdam klubu Kössendə Polşanın “Legiya” (Varşava) komandaısna qarşı keçirdiyi oyunda da 0:2 hesablı məğlubiyyətə üzülmüşdü.
Qeyd edək ki, Ağdam təmsilçisi sabah – iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllüttariqə yola düşəcək.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinin 1-ci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq. Cəbəllüttariq çempionu ilə ilk oyun iyulun 11-də səfərdə, cavab görüşü isə ayın 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Yoxlama oyunu
4 iyul
20:00. “Qarabağ” – ÇSKA (Sofiya)
Avstriya. “Vörgl Arena”.


