Rusiyada Moskva “Spartak”ı ilə Azərbaycanın “Neftçi” komandası arasında keçiriləcək yoxlama oyununun vaxtı dəqiqləşib.
Arena.az xəbər verir ki, bu barədə Moskva təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xatırladaq ki, “Neftçi” hazırda Rusiyada “Matç TV” kubokunda iştirak edir. Komanda ilk matçında “Zenit”ə 1:3 hesabı ilə uduzub. “Neftçi” iyulun 8-də Serbiyanın “Srvena Zvezda” (saat 20:30), 15-də isə Türkiyənin “Fənərbaxça” (saat 15:00) komandası ilə də qarşılaşacaq.
Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


