Osama Xalayla “Qəbələ”də – Rəsmi

2023/2024 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” heyətini daha bir israilli futbolçu – Osama Xalayla ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar”la 25 yaşlı israilli hücumçu arasında 1+1 illik müqavilə imzalanıb.

Osama Xalayla peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-2021-ci illər aralığında bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyne “Makkabi”sinə icarəyə verilib.

İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə debüt etdiyi bu komandada cəmi 1 matç keçirib.

Xatırladaq ki, “Qəbələ” Xalayladan öncə bu gün digər israilli futbolçu Gilad Abramovu da transfer etdiyini açıqlamışdı. Klub daha əvvəl Ahmed Ayzaya, Zurab Oçiqava və Lukas Afrikonu da heyətinə qatmışdı. Əyalət klubunda İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani ilə də yeni müqavilə imzalanıb. Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato və Rafael Utziq isə komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: