“Matç TV” Kuboku çərçivəsində “Srvena Zvezda” ilə oyunda zədələnmiş “Neftçi”nin qapıçısı Emil Balayev əməliyyat olunacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş Balayevin sağlamlıq durumuna aydınlıq gəlib. “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bu haqda bunları deyib:
“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.
Xatırladaq ki, “Neftçi” “Srvena Zvezda”ya 0:4 hesabıyla uduzub. Paytaxt təmsilçisinin bu turnirdə “Zenit”ə qarşı keçirdiyi ilk oyunda da (1:3) digər qapıçı Aqil Məmmədov oxşar aqibətlə üzləşmişdi. O da ikinci hissədə meydana çıxmış və matçın sonunda ağır xəsarət aldığı üçün meydanı xərəkdə tərk etmiş, hətta təcili xəstəxanaya aparılmışdı. Artıq o, komandanın düşərgəsini tərk edərək Bakıya qayıdıb.
“Neftçi”nin yetirməsi olan Balayev paytaxt klubuna elə bu yay qayıtmışdı. Onunla ötən ayın 28-də 2 illik müqavilə imzalandığı açıqlanmışdı.
“Neftçi” “Matç TV” kubokundakı sonuncu matçını ayın 15-də Türkiyənin “Fənərbaxça” komandasına qarşı keçirəcək. “Smena” stadionunda baş tutcaq oyuna saat 15:00-da start veriləcək.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu da keçirəcək. Bu matç iyulun 18-də Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


