“Neftçi” Adrian Mutunun rəhbərliyi altında ilə ilk məşqə çıxdı

Rusiyadakı təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün yeni baş məşqçisi Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb.

Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Zenit” klubunun təlim-məşq mərkəzində başlayan hazırlıq prosesində Adrian Mutunun köməkçiləri də iştirak ediblər.

Belə ki, məşqçilər korpusunun digər üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedeban da yeni işlərinə start veriblər. Məşqdə isinmə hərəkətlərindən sonra əsasən toplu çalışmalar icra olunub.

Xatırladaq ki, “Neftçi” hazırda Sankt-Peterburqda “Matç TV” Kubokunda iştirak edir. Komanda artıq “Zenit” (Rusiya) və “Srvena Zvezda” (Serbiya) ilə qarşılaşıb və iki oyundan məğlubiyyətlə ayrılıb. “Ağ-qaralar” sonuncu oyununu Türkiyənin “Fənərbaxça” klubuna qarşı keçirəcək. İyulun 15-də “Smena” stadionunda baş tutacaq bu matça Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: