Futbol üzrə Azərbaycan milli komandasının 26 yaşlı hücumçusu Mahir Emreli Xorvatiyada daha bir titula sahib çıxıb.
Arena.az xəbər verir ki, bu gün Xorvatiya Super Kubokunun sahibi məlum olub.
Həlledici görüşdə Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su ilə Split “Hayduk”u ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. Martin Baturinanın 52-ci dəqiqədə vurduğu qol zaqreblilərə növbəti titulu qazandırıb – 1:0.
Mahir bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Buna baxmayaraq, azərbaycanlı futbolçu Xorvatiyada növbəti titulunu qazanmış olub. Hücumçumuz daha öncə Xorvatiya çempionatının 2021/2022 və 2022/2023 mövsümlərinin qalibi olmuşdu.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 23 matça çıxıb və 5 qol vurub. Ötən mövsümün ikinci dövrəsini Türkiyənin “Konyaspor” klubunda icarədə keçirmiş hücumçu bu komandada 12 oyuna 2 qolla yadda qalıb.


