“Səbail” “Ərzurumspor”a 4 qolla qalib gəldi

2023/24 mövsümünə Türkiyədə hazırlaşan “Səbail” bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev futbolçularını yerli “Ərzurumspor”la oyunda sınaqdan keçirib.

Türkiyə 1-ci liqa təmsilçisi ilə oyun kifayət qədər məhsuldar alınıb. Qapılara bütövlükdə 7 qolun vurulduğu oyun “Səbail”in 4:3 hesablı qələbəsiylə yekunlaşıb. Bakı klubunun heyətində dubla imza atan Aleksandr Ramalinqom, eləcə də Pedro Nuno və Ağabala Ramazanov fərqləniblər.

“Səbail” daha öncə Bakıda “Kəpəz”lə də yoxlama oyunu keçirmiş və 2:1 hesablı qələbəyə sevinmişdi. “Dənizçilər” Türkiyədəki hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirəcəklər. Amma bu rəqiblərdən birinin kimliyi məlumdur. Belə ki, Bakı klubu Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”la üz-üzə gələcək. Tərəflər arasındakı oyun iyulun 21-də baş tutacaq. Oyuna yerli vaxtla saat 17:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: