“Neftçi” Moskva “Spartak”ı ilə üz-üzə

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün Moskva şəhərində yerli “Spartak” komandası ilə yoxlama oyununda üz-üzə gələcək.

Arena.az xəbər verir ki, qarşılaşma “Spartak”ın ev oyunlarını keçirdiyi “Otkrıtiye Bank Arena”da təşkil olunacaq.

Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bu oyunla toplanışı yekunlaşdıracaq komanda sabah – iyulun 19-da Bakıya qayıdacaq. “Ağ-qaralar” bundan sonrakı hazırlığını paytaxtda davam etdirəcək.

Xatırladaq ki, “Neftçi” iyunun 29-dan Rusiyada təlim-məşq toplanışındadır. Son günlərə kimi Sankt-Peterburqda məskunlaşan paytaxt klubu burada beynəlxalq turnirdə də iştirak edib. Azərbaycan təmsilçisi “Matç TV” Kuboku çərçivəsində Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbaxça” (0:1) komandaları ilə qarşılaşıb.

Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: