“Sabah”ın rəqibi bəlli oldu – RFS Masazıra gəlir

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Arena.az xəbər verir ki, Bakı klubu bu raundda Latviyanın RFS komandası ilə üz-üzə gələcək.

Riqa təmsilçisi Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə bu gün Şimali Makedoniyanın “Makedoniya” kollektivinə doğma meydanda 4:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Sedrik Kouadio dubla (43, 58) imza atıb. 68-ci dəqiqədə Stefan Paniç, 86-cı dəqiqədə isə Dmitri Zelenkov fərqlənib. Qonaq komandanın təsəlli qolunu isə Kristian Stoykoski vurub.

Xatırladaq ki, Latviya klubu səfərdəki ilk görüşdə də bu rəqibini üstələmişdi – 1:0.

Beləliklə, RFS növbəti mərhələdə “Sabah”la oynamaq hüququ qazanıb. Sözügedən komandalar arasındakı ilk oyun iyulun 27-də Latviyada, cavab görüşünü isə bir həftə sonra Bakıda keçiriləcək.

Yeri gəlmişkən, avqustun 3-də keçiriləcək cavab matçı Masazırdakı “Əlincə” stadionunda (“Bank Respublika Arena”) baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək. UEFA bu oyunu İsveçrədən olan hakimlərə həvalə edib. Qarşılaşmanı Fedayi San idarə edəcək. Ona yan xətt hakimləri Yonas Erni və Yan Köbeli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sandro Şerer yerinə yetirəcək.

Xəbəri paylaş:
Bizi izləyin: