Jordi Alba rəsmən “İnter Mayami”də!

Futbol üzrə İspaniya milli komandasının da üzvü olan sol cinah müdafiəçisi Jordi Alba MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb.

Bu yay “Barselona”dan azad agent kimi ayrılmış 34 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Albadan öncə “İnter Mayami” “Barselona”nın digər sabiq futbolçuları Lionel Messi və Serxio Busketslə də müqavilə bağlamışdı. MLS təmsilçisinin daha bir sabiq “Barsa”lı – Andres İnyestanı da heyətinə qatmaq üzrə olduğu bildirilir.

Xatırladaq ki, İspaniya millisinin üzvü 11 il idi “Barselona”nın formasını geyinirdi. O, 2012-ci ilin iyul ayında 14 milyon avro qarşılığında “Valensiya”dan Kataloniya klubuna transfer olunmuşdu.
İspan futbolçu bu komandada 458 oyunda meydana çıxıb, 27 qol vurub, 99 məhsuldar ötürmə edib. Müdafiəçi kataloniyalılarla 18 titul qazanıb. Bunların arasında 6 İspaniya çempionluğu və 1 Çempionlar Liqası kuboku da var:

İspaniya La Liqası: 2012/2013, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019, 2022/2023
İspaniya kuboku: 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2020/2021; 2018/2019.
İspaniya Super Kuboku: 2013, 2016, 2018, 2022
UEFA Çempionlar Liqası: 2014/2015
FIFA klublararası dünya çempionatı: 2015.

Jordi Alba daha öncə “Korneliya”, “Valensiya” və “Ximnastik” kimi komandalarda da forma geyinib. Təcrübəli müdafiəçi İspaniya milli komandasında da 91 oyun keçirib, 9 qola imza atıb. O, millinin heyətində AÇ-2012-nin qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: