Ervin Koffi “Neftçi”də! – Rəsmi

Fransanın “Po” klubunun əslən Fil Dişi Sahilindən olan sağ cinah müdafiəçisi Ervin Koffi bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasının heyətində 99 nömrəli formanı geyinəcək.

Koffinin Fransa klubu ilə 2024-cü ilin yayına kimi müqaviləsi olduğundan “Neftçi”nin bu transfer üçün nə qədər ödədiyi bilinmir. Məşhur “Transfermarkt” internet-portalı onu 900 min avro məbləğində qiymətləndirir.

Ervin Koffi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Po” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.

Koffi 2020-ci ildən formasını geyindiyi “Po”da 113 oyun keçirib. O, bu oyunlarda 6 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, “Neftçi” buna qədər Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş və Qara Qarayevi də heyətinə qatmışdı. “Turan Tovuz”da icarədə olan Turan Vəlizadəni geri qaytaran paytaxt klubu İvan Brkiç və Emin Mahmudovla da yeni müqavilə bağlayıb.

Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç və Solomon Kvirkveliya isə komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: