Müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi Veysəl Rzayev icarə əsasında daha bir mövsüm “Turan Tovuz”un şərəfini qoruyacaq.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçunun icarə müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.
Xatırladaq ki, Veysəl Rzayev ötən mövsümdə Premyer Liqada 25 oyun keçirib. O, yeni mövsümdə 99 nömrəli forma altında çıxış edəcək.
“Qəbələ”nin yetirməsi olan Veysəl, 2020-ci ildən “Sabah”da olsa da, bu komandada cəmi 17 oyun keçirib.
“Turan Tovuz” daha öncə “Neftçi”dən Xəyal Nəcəfovun da daha bir il müddətinə icarəyə götürüldüyünü açıqlamışdı. Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze, Belaydi Pusi və Roderik Millerlə isə yeni müqavilə bağlamışdı.
Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu, Ehtiram Şahverdiyev və Runi Eva komandanı tərk ediblər. Əvəzində Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov, Paçu, Otto Con, Brunao, Budaq Nəsirov və Aleks Serrano “Turan Tovuz”a cəlb olunub.


