Bu gün Bakıda şahmat üzrə Dünya Kuboku start götürüb. Arena.az xəbər verir ki, birinci raundun partiyalarında ilk gedişi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç ediblər.
Birinci oyun günündə Azərbaycanın 15 şahmatçısı mübarizəyə qoşulub. Onlardan Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrəddin İsgəndərov, Vüqar Əsədli, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva ilk partiyalarını qələbə ilə başa vurublar.
Vasif Durarbəyli, Nicat Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, Gülnar Məmmədova heç-heçə oynayıb. Məhəmməd Muradlı və Xanım Balacayeva isə yarışa məğlubiyyətlə başlayıblar.
Kişilər
1/128 final
Qədir Hüseynov – Rupeş Yasval (Hindistan) 1-0
Rauf Məmmədov – Juo Lim (Malayziya) 1-0
Nicat Abasov – Makoto Rodvell (Zimbabve) 1-0
Eltac Səfərli – Roberto Sançes (Panama) 1-0
Bobbi Çenq (Avstraliya) – Misrəddin İsgəndərov 0-1
Vüqar Əsədli – Min Le (Vyetnam) 1-0
Vasif Durarbəyli – Leonel Fiquredo (Meksika) 0,5-0,5
Nicat Məmmədov – İvan Şitko (Moldova) 0,5-0,5
Şamsiddin Voxidov (Özbəkistan)- Abdulla Qədimbəyli 0,5-0,5
Aydın Süleymanlı – Yunqlyun Syu (Çin) 0,5-0,5
Bardiya Daneşvar (Hindistan) – Məhəmməd Muradlı 1-0
Qadınlar
1/64 final
Ülviyyə Fətəliyeva – Vyanla Punsalan (Yeni Zelandiya) 1-0
Marina Qayçin (Serbiya) – Gövhər Beydullayeva 0-1
Xanım Balacayeva – Qyanin Qonq (Sinqapur) 0-1
Gülnar Məmmədova – Ti Nquen (Vyetnam) 0,5-0,5
Xatırladaq ki, sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun açıq yarışında 206 şahmatçı mübarizə aparır. Qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edir. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.
Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.


