Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 24-cü turu çərçivəsində baş tutan “Riqa” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası liderlə qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:3.
Ramin bu matçın start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Əvvəlki turlarda 2 qol və 2 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənə bilməyib.
“Dauqavpils” 24 turdan sonra 25 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. “Riqa” isə 61 xalla vahid liderdir. Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan RFS isə 58 xalla 2-ci pillədədir.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək.


