“Turan Tovuz” – “Araz-Naxçıvan” matçının vaxtı və məkanı dəyişdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 1-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” matçının vaxtı və məkanı dəyişib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün – iyulun 31-də Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib. Aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq Peşəkar Futbol Liqasının İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək aşağıdakı qərarları qəbul edib:

  • Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu “Araz Naxçıvan” – “Turan Tovuz”, 2-ci dövrənin oyunu “Turan Tovuz” – “Araz Naxçıvan” qarşılaşması kimi keçirilsin.
  • Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu “Qarabağ” – “Turan Tovuz”, 2-ci dövrənin oyunu “Turan Tovuz” – “Qarabağ” qarşılaşması kimi keçirilsin.
  • Azərbaycan Premyer Liqasının 4-cü turundan etibarən Tovuz şəhər stadionu oyunları qəbul etməyə hazır hesab olunsun və bununla bağlı bütün işlər nəzarətdə saxlanılsın.

Xəbərdə o da qeyd olunur ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabr ayının sonunda planlaşdırılır.

Artıq “Araz-Naxçıvan”ın meydan sahibi olacağı “Turan Tovuz”la görüşün vaxtı da müəyyənləşib. PFL-dən verilən xəbərdə bildirilir ki, bu qarşılaşma avqustun 4-də “Dalğa Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Bu komandaların əvəzediciləri arasındakı qarşılaşma isə bir gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: