Mourinyo Abramoviçin futbolçuları necə transfer etdiyini açıqladı

“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo “Çelsi”nin sabiq sahibi, rusiyalı iş adamı Roman Abramoviçlə iş birliyindən danışıb.

Arena.az bu barədə “Corriere dello Sport”a istinadən məlumat verir.

“Bir prezident mənə demişdi: “Sən futboldan baş çıxarırsan, mən isə rəqəmlərdən”. Bu, Abramoviç idi. “Əgər bu oyunçunu istəsən, onu alacaqsan”, dedi. Bu, Essyen idi. Lion “Olimpik”i əxlaqsız bir məbləğ istəmişdi, amma onu imzaladı.

Müvafiq imtiyazınız olduqda, necə oynayacağınıza qərar verə və alternativlər axtara bilərsiniz. Əgər yoxdursa, uyğunlaşmaq gərəkdir”, deyə Mourinyo bildirib.

Roman Abramoviç 2003-cü ildə “Çelsi”yə sahiblənib. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzü və bunun nəticəsində məlum məsələlərə cavab olaraq rusiyalı oliqarxlara qarşı sanksiyalardan sonra, Abramoviç İngiltərə klubunu satmaq qərarına gəlib. Doğrusu, buna icbar edilib. Abramoviçin “Çelsi”yə rəhbərlik etdiyi dövr “zadəganlar”ın qızıl dövr sayılır. “Çelsi” bu 19 il müddətində bütün mümkün klub turnirlərini – 5 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə İngiltərə Kubokunu, 3 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, 2 dəfə Çempionlar Liqasını, 2 dəfə Avropa Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 1 dəfə isə FIFA Klub Dünya Kubokunu qazanıb.

Sonda onu da xatırladaq ki, “Çelsi” vaxtilə Maykl Essyeni Lion “Olimpik”indən 38 milyon avroya transfer etmişdi. Sözügedən yarımmüdafiəçi 2005-2014-cü illər aralığında London nəhəngində forma geyinib. O, karyerasının sonunda – 2020-ci ildə Azərbaycanda “Səbail”in də uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: