“Beşiktaş”ın cəzalı futbolçusu Artur Masuaku Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”yə qarşı oynaya biləcək.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA konqolu müdafiəçi ilə bağlı qərarını dəyişib. Belə ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyada baş tutan “Tirana” ilə cavab matçında qırmızı vərəqə gördüyü üçün 2 oyunluq diskvalifikasiya olunan 30 yaşlı futbolçunun cəzası azaldılıb. Bu üzdən də Artur Masuaku yalnız Bakıdakı ilk qarşılaşmanı buraxmalı olacaq. Əvəzində o, İstanbulda baş tutacaq cavab matçında forma geyinə biləcək.
Bundan başqa, UEFA “Tirana” ilə matçda “Beşiktaş” azarkeşlərinin davranışlarına görə kluba 40 000 avro pul cəriməsi verib. Analoji hadisə təkrarlanarsa, Türkiyə klubu səfər oyunlarının birində azarkeş dəstəyindən məhrum ediləcək.
Xatırladaq ki, “Neftçi” – “Beşiktaş” oyunu avqustun 10-da “Neftçi Arena”da keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək. Azərbaycan və Türkiyə klubları arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 17-də İstanbulda keçiriləcək. Həmin matça da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Sonda onu da qeyd edək ki, bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.


