Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin bu gün keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunu ərəfəsində rəsmi görüş baş tutub.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisinin təşkilatçılığı ilə iki klub rəhbərliyi birgə yemək yeyiblər.
Görüşdən sonra “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov və “Beşiktaş”ın ikinci prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra iki klub arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb. Razılaşmaya əsasən, “Neftçi” və “Beşiktaş” arasında gələcəkdə əsas komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçuları arasında təcrübə mübadilələrinin aparılması, həmçinin media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcək, təcrübələrini bölüşəcəklər.
Xatırladaq ki, bir həftə əvvəl Bakıda baş tutan bu komandaların ilk oyununda “qara qartallar” 3:1 hesablı qələbəyə seviniblər. Bu gün İstanbulda baş tutacaq cavab görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Qalib gələn pley-offda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibinə rəqib olacaq. Məğlub tərəf isə mübarizəni dayandıracaq.


