“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra bunları söyləyib:
“Qərb derbisi həmişə maraqlı və gərgin keçir. Bu gün də eyni oldu. Hava şəraiti hər iki komanda üçün ağır idi. İlk dəqiqələrdən rəqibin güclü təzyiqinin olacağını bilirdik. Bəzi epizodlar da oldu. Futbolçularım soyuqqanlı davrandılar. Həftə boyu çalışdığımızı və hazırlaşdığımızı həyata keçirməyə çalışdılar. Çempionatın gedişi də göstərəcək ki, “Kəpəz”i Gəncədə məğlub etmək çox çətin olacaq. Onlara da uğurlar arzulayıram. Azər müəllim çox çətin bir işi üzərinə götürüb.
Yolumuza davam edirik. Hər xal bizim üçün vacibdir. Komandamı təbrik edirəm. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Həqiqətən bu gün oyuna rəng qatdılar”.
Ayxan Abbasov komandasının üç oyuna iki qələbə qazanmasını və 5 qol vurmasını da qiymətləndirib: “Əlbəttə, xal baxımından nəticələrimiz əladır. Nəzərə alaq ki, yalnız bir oyunda, onu da “Qarabağ”a uduzmuşuq. Digər görüşlərdə qalib gəlmişik. Bu tempi qoruyub-saxlamaq lazımdır. Çempionatımız çox çətindir. Komandalar bir-birinə yaxındır, hamı digəri məğlub edə bilər. Hücumçulardan razıyıq. Belaydi Pusinin bu gün qol vurmasına çox sevindim. Martin Petkov gənc futbolçudur, ondan çox şey gözləyirik. Otto Con da zədədən sonra tam bərpa olunsa, yaxşı olacaq.
Diqqətimizdə olan, danışıq apardığımız futbolçular var. Transfer istəyirik. Ən azı bir yarımmüdafiəçiyə ehtiyacımız var”.
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə komandasının məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“Rəqibi analiz etmişdik. Bilirdik ki, Ayxan Abbasovun öz oyun stili var. Qapımızda gözlənilməz qol gördük. Komandamız qolun təsirindən ayılmamış ikinci qolu buraxdı. Buna baxmayaraq, yaxşı futbol oynadıq. Futbolçularıma sonadək vuruşduqlarına görə təşəkkür edirəm. Çempionat yeni başlayıb. Hələ turnir cədvəlində olan durum yekun vəziyyət deyil. Xal baxımından “Turan Tovuz”dan çox da geridə deyilik. Oyunçularım final fitinə qədər çalışdılar ki, hesabı dəyişsinlər. Ancaq təəsüflər olsun ki, alınmadı. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm”.


