Azərbaycan millisi Monteneqroya yenə qalib gəldi

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti sınaq matçına çıxıb.

Arena.az xəbər verri ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi millimiz “Dalğa Arena”da yenə monteneqrolu yaşıdları ilə qarşılaşıb.

Komandamız bu oyunda 2:1 hesablı qələbə qazanıb. Millimizin qollarını Əkbər Məhərrəmov və penaltidən fərqlənən Həsən Nəzərli vurublar.

Qeyd edək ki, bu komandalar arasında üç gün əvvəl keçirilmiş ilk oyunda da Azərbaycan millisi 4:1 hesablı qələbəsilə nəticələnmişdi.

İkinci oyundan sonra U-17 yığmamızın baş məşqçisi Füzuli Məmmədov AFFA-nın rəsmi saytına açıqlamasında komandasının çıxışına qiymət verib:

“Avqustun 9-dan təlim-məşq toplanışına başladıq. Oyunlara yaxşı hazırlaşmaq üçün 6 gün vaxtımız oldu. Bu cür komandalarla qarşılaşmaq, qələbə qazanmaq futbolçularda ruh yüksəkliyini, özünə inamı daha da artırır.

İlk oyunda rəqibi yaxşı analiz etmişdik. Ona görə yaxşı oynayıb qələbə qazandıq. Xüsusən ilk hissədə nümayiş etdirdiyimiz futbolu qeyd edə bilərəm.

Bugünkü oyuna gəlincə, rəqib artıq bizim zəif və güclü tərəflərimizi bilirdi. İlk oyunla müqayisədə bu dəfə daha aqresiv oynamağa başladılar. İlk oyunun nəticəsindən asılı olmayaraq, bu gün komandam qələbə qazanmaq üçün mübarizə apardı və çətin də olsa, buna nail oldu. Qələbə münasibətilə komandamı, məşqçi heyətini təbrik edirəm.

İki oyunda qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlarımız var. Məşqçi heyəti olaraq bu çatışmazlıqları yaxşı bilirik. Avropa çempionatının seçmə mərhələsinə qədər bütün bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: