Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abbasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
İlk oyunda uduzan Nicata cavab oyununda mütləq qələbə lazım idi.
Lakin ağ fiqurlarla mübarizə aparan Nicat Abbasov Maqnus Karlsenlə bu dəfə heç-heçə oynayıb. Ümumi nəticədə 0,5-1,5 hesabı ilə uduzan Nicat avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, Nicat Abbasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırmaqla Dünya Kubokunda yarımfinala yüksəlmişdi.
Norveçli qrossmeyster, şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen isə finala yüksəlməklə Dünya Kuboku karyerasında ən yaxşı nəticəsinə imza atıb. 2007 və 2021-ci illərdə norveçli qrossmeyster mübarizəni yarımfinalda dayandırmışdı.
Vurğulayaq ki, Karlsenin rəqibi tay-brekdə müəyyənləşəcək. Belə ki, ikinci yarımfinalda amerikan Fabiano Karuana və hindistanlı Rameşbabu Praqnanandha hər iki partiyada heç-heçə oynayıblar.
Turnirin finalı avqustun 22-dən 24-dək keçiriləcək.
Bir müddət əvvəl Karlsen iddiaçıların turnirində iştirak etməyəcəyini bəyan etmişdi. Bu isə norveçli qrossmeysterə məğlubiyyətə rəğmən, həm həmyerlimiz Nicat Abbasovun və həm də yarımfinalın digər cütlüyünün iddiaçıların turnirinə vəsiqə qazanması deməkdir.
Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.


