Azərbaycanlı futbolçu, son mövsümü “Sumqayıt”da keçirmiş Araz Abdullayev bundan sonra karyerasını ölkə xaricində davam etdirəcək.
Arena.az xəbər verir ki, azad agent statusuna malik 31 yaşlı sağ cinah vingeri Kosovo təmsilçisi “Lapi”ylə anlaşıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Abdullayevlə 1 illik – 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Araz Abdullayev 2022-ci ilin yanvarından “Sumqayıt”ın formasını geyinirdi. Lakin o, bu ilin yayında sözügedən klubdan ayrılandan işsiz idi.
Araz karyerası ərzində yetirməsi olduğu “Neftçi”dən başqa, “Qəbələ” və “Qarabağ” klublarının da formasını geyinib. O, ölkədən kənarda isə İngiltərə “Everton”u, Yunanıstan “Panionios”i, Kipr “Etnikos”u və “Anortosis”i, Türkiyə “Boluspor”unda forma geyinib.
Araz Azərbaycan millisində də 44 oyun keçirib və 3 qolla yadda qalıb.
Xatırladaq ki, “Lapi” Kosovo çempionatında 2 turdan sonra 3 xalla 5-ci sırada qərarlaşıb.



