“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox gərgin və emosional oyun oldu. Vacib qələbə qazandıq. Oyunçularıma təşəkkür edirəm. Əzmkarlıq göstərdilər, çox güc sərf etdilər. Yaxşı bərpa olub, növbəti oyuna hazırlaşmaq lazımdır. Artıq “Qəbələ” ilə matçı düşünməliyik.
Qol vurduqdan sonra başa düşürdüm ki, rəqib bütün gücü ilə irəli atılacaq. Əminəm ki, “Sabah” qol vursaydı, oyun tam əksinə gedəcəkdi. Qol vurduq deyə, daha çox əks-hücumlara bel bağladıq. “Sabah”ın heyətində usta futbolçular var. Rəqibimizin kimliyini yaxşı bilirdik. Bəlkə də, şanssızlıqdan avrokuboklarda davam etmirlər. “Partizan”la görüşdə şanssızlıq yaşadılar, penaltilərlə uduzdular. Əks halda qruplara qədər getməyi bacarardılar.
Bu yay 14 futbolçu bizdən ayrılıb. Gələn oyunçuların sayı o qədər çox deyil, 5-6 futbolçu ilə gücləndik. Mövsümə uğurlu başlamışıq. Bunu davam etdirmək istəyiriksə, daha çox çalışmalıyıq.
Futbolçularda eyforiya? Bu həftəyə qədər onu hiss etməmişəm. Elə olsa, futbolçularla aramda ciddi problem olacaq. Futbolçu vaxtında da, məşqçi kimi də nifrət etdiyim məsələdir. Biz daim ən yaxşısını etməyə çalışmalıyıq. Bu təfəkkürlə komanda inkişaf edə bilər”.
“Sabah”ın məşqçisi Artur Olenin isə məğlub olduqları oyunla bağlı bunları dilə gətirib:
“Komandamız bura qələbə üçün gəlmişdi. Amma oyuna pis başladıq. Bunun da nəticəsini ödədik. İkinci hissədə yetərincə inamlı və yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf biz idik.
Qələbə üçün nə çatmadı? Oyuna çox da yaxşı konsentrasiya ilə çıxmamışdıq. Qol fürsətlərimiz çox oldu. Məğlubiyyətdən qaçmaq və hesabda önə keçmək üçün də yetərincə vaxtımız var idi. Əsasən də sonuncu fazada, son nöqtəni qoya bilmədik.
“Partizan”la oyundan sonra komandada ruh düşkünlüyü olduğunu düşünmürəm. Start heyətini baş məşqçi və məşqçilər korpusu müəyyənləşdirir. Tellur Mütəllimov “Neftçi” ilə görüşdə özünü yaxşı tərəfdən göstərmişdi. Bu oyun üçün məşqlərdə də yaxşı idi. Bu üzdən ona şans vermişdik”.


