Bu yay İtaliyanın “Maskaluça San Pio” klubuna keçidi gözlənilən azərbaycanlı yarımmüdafiəçi Nazim Bağırov “Difai” ilə anlaşıb.
Arena.az saytının əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçunun İtaliya klubuna keçidi alınmayıb.
Buna futbolçumuzun İtaliyaya işçi vizası ala bilməməsi problem yaradıb. Halbuki, azərbaycanlı futbolçu İtaliyanın gücünə görə 4-cü liqasında mübarizə aparan bu klubla 1 illik anlaşmışdı.
Legioner həyatı yaşamaq istəyi baş tutmayan futbolçu da son anda Birinci Liqa təmsilçisi “Difai”yə keçməyə qərar verib. O, bu mövsümün sonuna kimi Ağsu təmsilçisinin uğurları üçün çalışacaq.
Xatırladaq ki, “Bakı”nın yetirməsi olan Nazim Bağırov ötən mövsümü “Zaqatala”da keçirib. Sağ cinah vingeri daha öncə Azərbaycanda “Sumqayıt” və “Neftçi”nin əvəzedici komandalarında da forma geyinib. O, Gürcüstanın “Şevardeni”, Polşanın “Podlyaska” klublarında da legioner həyatı yaşayıb.
Bağırov vaxtilə Azərbaycanın U-15, U-16 və U-19 yığmalarında da forma geyinib.



