Leandro Andrade üçün millidə 68 dəqiqə və qrup ikinciliyi

Azərbaycan çempionu “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade Kabo Verde yığmasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi komanda ötən gün Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Toqo yığması ilə qarşılaşıb.

Qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutan bu qarşılaşma Toqoda keçirilib. Beş qolun qeydə alındığı oyunda Leandronun komandası məğlubiyyətə üzülüb – 2:3. Halbuki, oyuna çox yaxşı başlamış Leandro və komanda yoldaşları ilk 20 dəqiqədə 2:0 hesabıyla önə keçməyi bacarıblar. Lakin qalan dəqiqələrdə buraxılmış 3 qol məğlubiyyəti qaçılmaz edib.

Andrade bu oyuna start heyətdə başlayıb və 68 dəqiqə meydanda olub.

B qrupunda yer alan Kabo Verde yığması 6 oyuna topladığı 10 xalla 4 komanda arasında 2-ci yeri tutub və Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.

Xatırladaq ki, Leandro Andrade 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığmasında 4 oyun keçirib. O, 2022-ci ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. 23 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində 63 oyun keçirib, 14 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: