Fernando Santos Polşa yığmasından qovuldu

Təcrübəli portuqal mütəxəssis Fernando Santos Polşa yığma komandasının baş məşqçisi vəxifəsindən azad edilib.

Arena.az bu barədə Polyak Futbol İttifaqına (PZPN) istinadən məlumat verir.

“Əməkdaşlığımıza xitam versək də, mən Polşa yığmasını çalışdırmaq imkanına görə minnətdaram. Burada yaşayarkən məni çox yaxşı qəbul etmiş Polşaya və onun xalqına ən yaxşısını arzu edirəm”, deyə Santos vida nitqini dilə gətirib.

Xatırladaq ki, Santos Portuqaliya yığmasını uğurla çalışdırıb və AÇ-2016-da, UEFA Millətlər Liqası 2019-da çempionluğu bayram edib, həmçinin 2017 Konfederasiyalar Kubokunda bürünc medal qazanıb. Təcrübəli mütəxəssis Polşa yığmasına böyük ümidlərlə gətirilsə də, gözlənilən nəticəni qazana bilməyib.

Santos Polşa yığmasını cari ilin yanvarında qəbul etmişdi. Onun rəhbərliyi altında komanda Avropa Çempionatının seçmə mərhələsində 2 qələbə qazanıb və 3 məğlubiyyət alıb. Hazırda Polşa yığması 5 turdan sonra 6 xalla AÇ-2024-ün seçmə mərhələsinin E qrupunda sonuncudan əvvəlki – 4-cü pillədə qərarlaşıb, top fərqi isə 6:8-dir. Polyaklardan aşağıda 1 xalla aşkar “qapazaltı” Farer adalarının yığması küllənir. Qrupa isə 5 oyundan 10 xalla gözlənilməz lider Albaniya yığması başçılıq edir. 4 oyun keçirmiş Çexiya yığması 8 xalla 2-ci, 5 oyun keçirmiş Moldova yığması da eyni sayda xalla 3-cü yerdə qərarlaşıb.

Vurğulayaq ki, Polşa yığması iddiasını sürdürmək üçün nəzəri imkanlarını hələ saxlayır. Fernando Santosun istefaya göndərilməsi də bu məqsədi güdür. Polyak Futol İttifaqı yeni məşqçinin komandanı düşdüyü vəziyyətdən çıxarıb Avropa Çempionatına daşıya biləcəyinə bel bağlayır.

Fernando Santos daha öncə Yunanıstan yığmasının da baş məşqçisi olub. O, həmçinin “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi klublarda işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: