Ukrayna yığmasının sabiq futbolçusu əyyaşlığının qurbanı oldu

Ukrayna yığmasının sabiq hücumçusu Artyom Milevski spirtli içki fəsadları səbəbindən təcili surətdə xəstəxanaya yerləşdirilib.

Arena.az xəbər verir ki, bu barədə Milevskinin keçmiş komanda yoldaşı, əslən Azərbaycandan olan Aleksandr Əliyev məlumat verib:

“Tanrıya şükür, onu xəstəxanaya yerləşdirə bildik. O, artıq beş gündür ki, oradadır. Vəziyyəti, əlbəttə, çox ağırdır. Amma heç nəyə baxmayaraq, həkimlər mübarizə aparırlar”, deyə Əliyev sosial şəbəkələr üzərindən bildirib.

Xatırladaq ki, əvvəllər azarkeşlər sabiq futbolçunun xarici görünüşünə tez-tez diqqət yetirirdilər. Milevskinin xeyli kökəldiyi diqqət çəkirdi. Azarkeşlər keçmiş futbolçunun spirtli içki ilə bağlı fəsadlar yaşadığından şübhələnirdilər. 38 yaşlı futbolçunun bu dərddən əziyyət çəkdiyi məlum idi.

Artyom Milevski futbolçu karyerası ərzində Kiyev “Dinamo”sunda çıxışı ilə yadda qalıb. Ukrayna nəhənginin heyətində Milevski 276 oyun keçirib, 87 qol vurub, 54 məhsuldar ötürmə verib. Milevskinin “Dinamo”dan ayrıldıqdan sonra karyerasını qısa müddətdə müxtəlif klublarda çıxış etməklə keçirib, müvafiq olaraq Türkiyənin “Qaziantepspor”, Xorvatiyanın “Hayduk” (Split) və RNK (Split), Rumıniyanın “Konkordiya”, Rusiyanın “Tosno”, Belarusun “Dinamo” (Brest), Macarıstanın “Kişvarda”, Ukraynanın “Minay” klublarında oynamış Milevski karyerasının tədricən enişə doğru getməsini hiss edincə, nəhayət 2021-ci ilin sentyabrında butslarını mıxdan asıb.

Milevski 2006-cı ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 50 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: