Mahir Emreli Xorvatiyada rəmzi komandaya düşdü

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında 9-cu turun rəmzi komandasına düşüb.

Arena.az xəbər verir ki, “Rudes”lə görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Zaqreb “Dinamo”sunun üzvü ən yaxşı sağ cinah vingeri seçilib.

Onun performansı 8,3 balla qiymətləndirilib. Ən yüksək xala Emrelinin komanda yoldaşı Yosip Drmiç (10) layiq görülüb. O, “Rudes”lə qarşılaşmada het-trik müəllifi olub. Zaqreblilərin digər üzvü Qabriel Vidoviç isə 1 qol, 2 assist sayəsində 8,6 xala layiq görülüb.

Xatırladaq ki, “Dinamo” “Rudes”i səfərdə 5:1 hesabı ilə məğlub edib. Mahir bu matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu komandasının qələbəsinə 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib. Belə ki, o, 38-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb. 58-ci dəqiqədə Yosip Drmiçin vurduğu sonuncu qol epizodunda isə məhsuldar ötürmə müəllifi olub. Bununla da Mahir cari mövsümdə qol sayını 3-ə, məhsuldar ötürmə sayını 2-yə çatdırıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 9 turdan sonra 16 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 35 matça çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: