Adrian Mutu: “Layiqli qələbə qazandıq”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı oynadıq. Əvvəldən sona kimi oyuna nəzarət edən tərəf biz idik. Layiqli qələbə qazandıq. “Araz-Naxçıvan”a təsadüfdən məğlub olmuşduq. Həmin matçdan sonra komandamızda inkişaf var. Hücumda bir az çatışmazlıq var. Bunu aradan qaldırmağa çalışacağıq. Müdafiəçilərimiz bu gün yaxşı oynadılar. 70 dəqiqə ərzində rəqibə qol epizodu vermədik. Futbolçulardan razı qaldım. Onları təbrik edirəm.

Yuri Matias bu gün oynamasa da, onu layiqincə əvəz edən oyunçumuzun olması vacib məqamdır. Höccət Haqverdi bu gün çox yaxşı oyun nümayiş etdirdi. Qarşıdakı matçlarda kimi meydana buraxacağımı müəyyənləşdirməkdə çətinlik çəkəcəyəm. Fikrimcə, bu mövsüm “Zirə”dən sonra ən yaxşı müdafiə xətti bizdədir.

Bu gün arenada çox möhtəşəm atmosfer var idi. İstərdik ki, bütün stadionlarda bu cür olsun. Azarkeşlərə demək istəyirəm ki, hər oyunda komandalarına belə dəstək versinlər”.

Adrian Mutu növbəti turda son çempiona qarşı keçirəcəkləri oyundan da söz açıb: “Növbəti turda “Qarabağ”la qarşılaşacağıq. Əlbəttə, böyük oyundur. Son matçda onlar da qələbə qazanıb, biz də. Hər iki komanda yaxşı formadadır”.

“Səhvlərimizdən nəticə çıxarmalıyıq”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Neftçi”nin oyundan-oyuna daha yaxşı olduğunu görürük. Son matçlarda aqressivdirlər. İlk hissədə onların təzyiqinin qarşısında tab gətirə bilmirdik. İkinci hissədə şanslarımız oldu. Bir qol vursaydıq, oyun bitə bilərdi. Çempionatın ən gərgin dövrüdür. Səhvlərimizdən nəticə çıxarmalıyıq.

Komanda Tovuzda qələbə qazana bilmir. Statistika onu deyir. İstəməzdik belə olsun. Amma gerçək budur. İnanıram ki, bunu aradan qaldıracağıq. Bizim burada yaxşı oyunlarımız, qələbələrimiz olub. Sadəcə bu il belə başladı. Bəlkə də bu gün bərabərlik bizim üçün motivasiya baxımından daha yaxşı olardı”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: