Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Kosovo təmsilçisi “Ballkani” ilə qarşılaşıb.
Səfərdə baş tutan bu oyun Zaqreb təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 0:2.
Mahir bu matçda fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 80-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
“Dinamo” 2 turdan sonra 3 xalla C qrupunun 3-cüsüdür. “Viktoriya” (Plzen) 6 xalla 1-ci, “Ballkani” isə 3 xalla 2-cidir. Xalı olmayan “Astana” sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 37 matça çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.


