Boks üzrə Azərbaycan millisi Budvadan 5 medalla qayıdır

Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində təşkil olunmuş Avropa kubokunu 5 medalla başa vurub.

Arena.az xəbər verir ki, oktyabrın 8-də start verilmiş Avropa kubokuna ötən gün yekun vurulub.

Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.

63,5 kq çəkidə Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan təmsilçimiz sonadək mübarizə aparsa da, yekunda rəqib qalib gəlib. Həsənov Avropa kubokunu gümüş medalla başa vurub.

Ondan öncə Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala yiyələnmişdi.

Xatırladaq ki, 6 gün davam edən beynəlxalq turnirdə millimizin baş məşqçisi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 10 boksçumuz qüvvəsini sınayıb:

Tural Sarıyev (48 kq)
Nicat Hüseynov (54 kq)
Şamil Əskərov (57 kq)
Tayfur Əliyev (60 kq)
Malik Həsənov (63,5 kq)
Sərxan Əliyev (71 kq)
Nəbi İsgəndərov (67 kq)
Mirşərif Kazımzadə (75 kq)
Eldar Quliyev (86 kq)
Rauf Rəhimov (92 kq)

Yığma komandamız oktyabrın 16-da Bakıya qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: