Ümid Rüstəmov “Qızıl əlcək” turnirində 2-ci oldu

Azərbaycan boks yığmasının üzvü Ümid Rüstəmov Serbiyanın Çaçak şəhərində keçirilən “Qızıl əlcək” beynəlxalq turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, beynəlxalq turnirə ötən gün yekun vurulub.

Azərbaycan millisi 15 ölkənin iştirak etdiyi yarışı 1 gümüş və 2 bürünc medalla başa vurub.

60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) finalda rusiyalı Nemət Səfərovla döyüşüb. Rəqib qələbə qazandığından boksçumuz gümüş medala yiyələnib.

Ondan öncə Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) “Qızıl əlcəy”i 3-cü yerdə bitirmişdilər. Millimizin digər üzvü Alfonso Dominqes (86 kq) isə medalçılar sırasına düşə bilməyib.

Xatırladaq ki, turnirdə ölkəmizi Anar Nağdıyev də hakim kimi təmsil edib. Yarışın ən yaxşı hakimi adına da Anar Nağdıyev layiq görülüb. Beynəlxalq dərəcəli referimiz “Qızıl əlcək” turnirinin təşkilatçıları tərəfindən xüsusi kubokla mükafatlandırılıb.

Komandamız bu gün – oktyabrın 22-də Bakıya qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: