Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 12-ci turu çərçivəsində “Qoritsa” ilə qarşılaşıb.
Səfərdə baş tutan bu oyun Zaqreb təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2. 63-cü dəqiqədə hesabı açan zaqreblilər 70 və 90+2-ci dəqiqələrdə buraxılan qollar nəticəsində məğlubiyyətə üzülüblər. Bu, son çempionun yeni mövsümdə 3-cü yenilgisidir.
Mahir bu matçın 63-cü dəqiqəsində meydana buraxılıb. O, cəmi 1 dəqiqə sonra sarı vərəqə alması ilə diqqət mərkəzinə düşüb. Cari mövsümdə 3 qol vurub, 3 məhsuldar ötürmə etmiş Emreli bu dəfə də komandasına kömək edə bilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” 12 turdan sonra 19 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 39 matça çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 44 oyunda 5 qol vurub.


