“Traktor”un qələbə seriyası qırıldı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 6-ci turdan təxirə salınmış oyunda “Şəms Azar” (Qəzvin) komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” bu matçdan məğlubiyyətlə ayrılıblar – 2:3. İkinci hissənin əvvəlinə kimi 3 qol buraxan təbrizlilər 70 (Mehdi Abdi) və 82-ci dəqiqələrdə (Rikardo Alves) vurduğu qollarla fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.

Mövsümə ardıcıl iki məğlubiyyətlə başlamış Təbriz təmsilçisi 4 oyun idi qələbə qazanırdı. Bu mövsüm 7 oyun keçirmiş komanda hazırda 12 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

“Traktor” növbəti matçını oktyabrın 27-də səfərdə “Zobahan”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: