“France Football” jurnalının baş redaktoru Paskal Ferre “Qızıl top”a namizədlər arasında Kristiano Ronaldonun yoxluğunu şərh edib.
Arena.az xatırladır ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqal superulduzu, hücumçu Kristiano Ronaldo uzun illər sonra ilk dəfə olaraq “Qızıl top”a namizədlər arasında yer almayıb.
“Kristiano Ronaldonun yoxluğu komitədə ümumiyyətlə müzakirə mövzusu deyildi. Dünya Kubokunda parlamadı və çox məşhur olmayan bir liqada oynayır. Buna rəğmən, o, böyük oyunçu olaraq qalır”, – TZ dərgisi Ferrenin sözlərini sitat gətirir.
Daha əvvəl məlumat yayılmışdı ki, “İnter Mayami”nin argentinalı superulduzu, hücumçu Lionel Messiyə mövsümün sonunda “Qızıl top”u qazanacağı barədə əvvəlcədən deyilib. Hücumçuya sadəcə olaraq rəsmi mükafatlandırma mərasimini gözləmək və karyerasında səkkizinci olacaq qəniməti almaq qalır.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da keçiriləcək.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 14 oyuna çıxıb, 14 qol vurub, 8 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


