Mahir Emreli qol vurdu, “Dinamo” 8:0 hesabıyla qalib gəldi – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Oriolik”lə qarşılaşıb.

Rəqib meydanında baş tutan bu oyun “Dinamo”nun qələbəsi ilə başa çatıb – 8:0. İlk hissədə 5 qol vuran qonaqlar fasilədən sonra daha 3 dəfə meydan sahiblərini mərkəzə dəvət ediblər. Zaqreb təmsilçisi bu möhtəşəm qələbə sayəsində 1/4 finala yüksəlib.

Mahir bu matçın 62-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 3 qol vurub, 3 məhsuldar ötürmə etmiş Emreli bu dəfə də fərqlənib. O, 77-ci dəqiqədə komandasının 7-ci qoluna imza atıb.

Son Xorvatiya çempionu olan “Dinamo” ölkə çempionatında da 13 turdan sonra 22 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 42 matça çıxıb, 9 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 44 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: