“Real” “qaymaqlılar”ın braziliyalı sağ vingeri Rodriqo Qoeslə qarşılıqlı razılığa gələrək, müqaviləsini yeniləyib.
Arena.az bu barədə Madrid klubunun rəsmi saytına istinadən məlumat verir.
Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Rodriqonun köhnə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər hesablanmışdı. Tərəflər arasında yenilənərək bağlanmış müqavilənin müddəti isə 3 il artırılaraq, 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Braziliyalı ulduzun yeni müqaviləsindəki təzminat məbləği 1 milyard avrodur.
Rodriqo “Real”da çıxış etdiyi müddətdə 179 oyuna çıxıb, 39 qol vurub, 33 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə 14 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Yarımmüdafiəçi “kral klubu” ilə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heyətində 18 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” inteernet-portalı 22 yaşlı Rodriqonu 100 milyon avro məbləğində qiymətləndirir.



