Mirça Luçesku məşqçilik karyerasına xitam verdiyini açıqladı

Məşhur rumın mütəxəssis Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.

Arena.az məlumat verir ki, bu qərarı ilə Luçesku həm də məşqçilik karyerasına son verdiyini bəyan edib.

78 yaşlı mütəxəssis müvafiq qərarını Ukrayna çempionatının 13-cü turunda səfərdə “Şaxtyor”a qarşı 0:1 hesablı məğlubiyyətlə başa çatmış oyundan sonrakı mətbuat konfransında ictimailəşdirib:

“Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ili Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu, son oyun idi. Mən öz futbolçularımla, “Şaxtyor”un futbolçuları ilə vidalaşdım. Hamınıza təşəkkür edirəm. Mən bunu başqa cür bitirmək istərdim, amma hər şeyin sonu bir var – futbolçu karyerasının da, sevginin də, həyatın da. Hər şeyin başlanğıcı və sonu var”, deyə Luçesku təsirli danışıb.

Xatırladaq ki, Luçeskunun çalışdırdığı müddətdə Kiyev “Dinamo”su Ukrayna Premyer Liqasının 10 oyunda 16 xal toplayaraq turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Təcrübəli mütəxəssis kiyevliləri 2020-ci ildən 3 tam mövsüm çalışdırıb. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu uğurla çalışdırıb. Rumın mütəxəssis “şaxtaçılar”a 8 dəfə Ukrayna çempionluğunu, 2009-cu ildə isə UEFA Kubokunu qazandırıb.

Mirça Luçesku zəngin məşqçilik karyerası ərzində Türkiyə millisini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı çalışdırıb. Luçesku UEFA Çempionlar Liqasında qazandığı qələbələrin sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçilik karyerası ərzində 35 qənimət qazanmış Luçeskunu bu göstəricidə yalnız Aleks Ferqyuson və Xosep Qvardiola qabaqlayırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: