Samir Abasov: “Sumqayıt” hazırda yüksəlişdədir”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 12-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qəbələ” ilə matçdan sonra bir az təzyiq altında idik. Həm xal itirdik, həm də oyunçularımızı. Əsas heyətin dörd üzvünün oynamaması təsirsiz ötüşə bilməzdi. Amma onların yerinə oynayanlar özlərini pis göstərmədilər. Yaxşı futbol göstərdik. Hesab böyük ola bilərdi. Bu qələbə kimlərəsə təəccüblüdürsə, onların anlayışı elə bu qədərdir. Təəccübdə də qalsınlar. “Sumqayıt” layiqli qələbə qazandı. Yüksəlişdə olan komandayıq. Bunu qəbul etmək istəmirlərsə, ölüb qalsınlar. Mən saytları oxumuram. Bilmirəm kim məni tənqid edir. Sadəcə, anlamıram ki, təəccüb nədən irəli gəlir. “Sumqayıt”ın qələbələrinin təəccüblü olmasını bir futbol adamı kimi anlamıram, anlamaq da istəmirəm. Bizim bəlamız da budur, turnir cədvəlinə görə analiz olunur. Xal fərqinə baxın. Bizim ikinci yerdə olan “Zirə” ilə 3 xal fərqimiz var. Hər şeyi turnir cədvəli ilə ölçəcəksizsə, atın bu peşəni.

Kazimir Ninqaya xüsusi təşəkkür düşür. Legioner olasan, o ağrılarla oynayasan. Elə legionerlər var ki, dırnağına qara düşən kimi deyir, zədəliyəm. Bəlkə də onu ilin sonuna kimi itirdik”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətini belə şərh edib:

“Çətin oyun oldu. Hirsli başla nələrisə demək düzgün olmaz. İkinci hissədə daha yaxşı oynadıq. Yerli futbolçular baxımından rotasiya etmək üçün geniş heyətimiz yoxdur. Legionerlərlə bağlı problem yoxdur. Bu gün Bayraməlini meydana buraxdıq. Özünü göstərməyə çalışdı. Kimisə qazandırmaq, yoxdan var etmək istəyirik. Maksimum edə biləcəyimiz budur. Əsas sıxıntımız yerli oyunçuların kasadlığıdır. Vacib olan odur ki, nə etdiyimizi bilirik. Uduzduğumuz zonaları bilirik. Bunun üzərində çalışmaq lazımdır. Orxan Əliyev son iki oyunda start heyətdə idi. Bu gün onun səhhətində problem var idi. Zəhərlənmişdi”.

Xəbəri sosial şəbəkələrdə paylaş: